rx online

     AMEA-nın həqiqi üzvü (akademik),

kimya üzrə elmlər doktoru,

professor Fərzəliyev Vaqif Məcid oğlunun

elmi-pedaqoji və

ictimai fəaliyyəti haqqında

 

QISA OÇERK

 

Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin akademik-katibi, Aşqarlar Kimyası İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü (akademik), kimya üzrə elmlər doktoru, professor Vaqif Məcid oğlu Fərzəliyev neft kimyası və üzvi kimya sahəsində görkəmli alimlərdən biridir.

Vaqif Fərzəliyevin – sıravi aspirantdan görkəmli alim, bacarıqlı elm təşkilatçısı, nadir elmi istiqamət üzrə ixtisaslaşmış institut direktoru və daha sonra AMEA-nın akademik-katibi vəzifələrinədək böyük və şanlı həyat yolu keçmiş alimin tərcümeyi-halı məhz əsl istedadlı və zəhmətsevər ziyalılar üçün səciyyəvidir.

Akademik Fərzəliyevin səmərəli elmi fəaliyyəti və nüfuzlu alim kimi yetişməsi bilavasitə Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutunda akademik Əli Quliyevin rəhbərlik etdiyi “Sürtkü yağları və aşqarlar” laboratoriyası və 1965-ci ildə onun əsasında təşkil edilmiş, keçmiş SSRİ məkanında yeganə olmuş və hazırda da dünya miqyasında belə çox az sayda ixtisaslaşmış elm mərkəzlərindən olan AMEA Aşqarlar Kimyası İnstitutu ilə bağlıdır. O, neft kimyasında prinsipcə yeni istiqamətin – sürtkü yağlarına aşqarların sintezi və tədqiqi sahəsində tanınmış alimlərdən birinin, Aşqarlar Kimyası İnstitutunu təşkil etmiş və 1987-ci ilədək əvəzsiz direktoru olmuş, iki dəfə SSRİ Dövlət mükafatı və Azərbaycan SSR Dövlət mükafatı laureatı olmuş akademik Əli Musa oğlu Quliyevin layiqli yetirməsidir.

Vaqif Fərzəliyev 1939-cu il dekabrın 19-da Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. O, Bakıdakı 189 saylı rus orta məktəbini bitirdikdən sonra 1958-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin kimya fakültəsinə daxil olmuşdur. O, hələ gənc ikən əlaçı tələbə olmaqla kifayətlənməyərək elmi-tədqiqat işlərinə həvəs göstərmişdir. Birinci kurs tələbəsi ikən Tələbə elmi cəmiyyətinə üzv olmuş və “duz-su sisteminin analizi” mövzusunda elmi işlər aparmışdır. İkinci kursda oxuyarkən Tələbə elmi cəmiyyətinin sədri seçilmiş və neft kimyası sahəsində ilk tədqiqatlarını aparmağa müvəffəq olmuşdur. Lenin təqaüdçüsü tələbə Vaqif Fərzəliyevin əldə etdiyi elmi nəticələr diqqətəlayiq olduğundan 1962-ci ildə “Universitetin elmi əsərləri” məcmuəsində məqalə halında dərc edilmişdir.

Vaqif Fərzəliyev universiteti əlaçı diplomu – qırmızı diplomla bitirdikdən sonra 1963-cü ildə təyinatla Azərbaycan Elmlər Akademiyası Neft-Kimya Prosesləri İnstitutuna göndərilmiş və elə həmin ildə aspiranturaya daxil olmuşdur. Gənc tədqiqatçı tədqiqat obyekti kimi yeni polimer maddələrin sintezi və onların aşqar kimi tədqiqini seçmişdi. Bu mövzu həm elmi, həm də praktiki cəhətdən aktuallıq kəsb edirdi. O, müsbət nəticələr əldə etməyə müvəffəq oldu və bu haqda elmi əsərlər dərc etdirdi.

Dərin biliyi, çalışqanlığı, məsuliyyətliyi, ölçülü-biçili rəftarı və təşkilatçılıq bacarığı ilə fərqlənən gənc Vaqif Fərzəliyev 1966-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyası Komsomol Komitəsinin katibi, Respublika LKGİ Mərkəzi Komitəsi yanında Gənc Alimlər Şurasının sədri, başqa sözlə desək, respublikada gənc tədqiqatçıların lideri olmuşdur. O, həmin illərdə gənc alimlərin nümayəndə heyətinin tərkibində Almaniya Demokratik Respublikasına və Macarıstana səfər etmişdir. 1971-ci ildə isə böyük elm mərkəzlərinin neft kimyası sahəsindəki nailiyyətləri və neft emalı zavodlarının işləri ilə tanışlıq məqsədilə Rumıniyaya elmi ezamiyyətə getmişdir.

Vaqif Fərzəliyev 1968-ci ildə “Sürtkü yağlarına polimer aşqarların sintezi və tədqiqi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir. Dissertasiya işinin elmi rəhbəri, aşqarlar sahəsində dünyaşöhrətli alim akademik Əli Quliyev həm dissertasiyadakı elmi nəticələr, həm də tədqiqatçının özü haqqında yüksək fikirdə idi. Dissertasiyada polimer aşqarlar sahəsində bir sıra nəticələrlə yanaşı, o zaman böyük və ümumi vətənimiz sayılmış SSRİ-də ilk dəfə olaraq tiofosfinat tipli çoxfunksiyalı polimer aşqar “ИХП-388”in yaradılması sahəsindəki tədqiqatların nəticələri verilirdi. Sonralar həmin aşqarın təcrübi-sənaye miqyasında istehsalı təşkil edildi. SSRİ Ali Attestasiya Komissiyasının qərarı ilə o, elə həmin ildə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdü. Yeni və perspektivli tədqiqatlarını davam etdirən alimə 1974-cü ildə “Neft kimyası” ixtisası üzrə “Baş elmi işçi” (indiki “dosent”) elmi adı verilmişdi.

Akademik Vaqif Fərzəliyev elmi işdə fərqləndiyi kimi, çalışdığı institutda tutduğu vəzifələrdə də daim pillə-pillə irəliləmişdir. 1967-1987-ci illər ərzində Aşqarlar Kimyası İnstitutunda kiçik və böyük elmi işçi, “Sürtkü yağlarına polimer aşqarlar” laboratoriyası müdirinin müavini, “Aşqarların sintezi və təsir mexanizminin elmi əsasları” laboratoriyasının rəhbəri, elmi işlər üzrə direktor müavini vəzifələrində məsuliyyətlə çalışmış və vəzifə borcunu layiqincə yerinə yetirmişdir. Onun elmi-təşkilatçılıq bacarığının ilk əlamətləri bu vəzifədə özünü büruzə vermişdir. Eyni zamanda tədqiqat işləri onun üçün öndə durduğundan o, elmi axtarışları daha önəmli saymış və daim yüksək səviyyədə davam etdirmişdir.

1973-1974-cü illərdə Vaqif Fərzəliyev SSRİ Elmlər Akademiyasının sürtkü yağları və aşqarlar sahəsində məsləhətçisi kimi Bağdaddakı İraq Neft İnstitutunda işləmişdir. Onun fəaliyyətinin əsas məqsədi kifayət qədər geniş olmuşdur. O, sürtkü yağları və aşqarların yaradılmasının nəzəri və tətbiqi cəhətləri üzrə mühazirələr oxumaq, müxtəlif funksional təsirli aşqarların sintezi və sürtkü kompozisiyalarının işlənilməsi üzrə elmi tədqiqatların təşkili ilə məşğul olmuşdur.

O, vətənə qayıtdıqda doğma institutda aşqarlar kimyası sahəsindəki elmi axtarışlarını davam etdirmişdir. Yeni reaksiyalar aparmış, yeni maddələr sintez etməyə müvəffəq olmuş və həmin maddələri sürtkü yağlarına aşqarlar kimi tədqiq etmişdir.

Vaqif Fərzəliyev 1977-1978-ci illərdə İngiltərədə elmi ezamiyyatdə olmuşdur. O, həmin müddət ərzində Birminhem şəhərinin Aston Universitetində oksidləşmənin polifunksional inhibitorlarının sintezi və təsir mexanizminin tədqiqi sahəsində müəyyən elmi işlər aparmışdır. Sanbari-Temz şəhərində “Britiş Petroleum” firmasının aşqarlar şöbəsində məruzə ilə çıxış etmiş və orada aparılan işlərlə bilavasitə tanış olmuşdur. Aston Universitetində professor Cerold Skott ilə birgə aparılmış tədqiqatın nəticəsindən yazılmış məqalə “Europian Polymer Journal” jurnalında dərc olunmuşdur. Məqalə fenolun kükürdlü törəmələrinin antioksidləşdirici təsirinin mexanizminə həsr edilmişdir.

Vaqif Fərzəliyev 17 noyabr 1979-cu il tarixindən 3 ay ərzində YUNESKO-nun (BMT İşlər Proqramı) məsləhətçisi kimi Hindistan Neft İnstitutunda çalışmışdır. Bu müddət ərzində o, aşqarlar və tribologiya ilə məşğul olan qruplarla işləmişdir. Onun proqramına aşqarlar üzrə bir sıra mühazirələr, istehsal texnologiyalarının işlənilməsi və səciyyəvi sahələrdə çalışan alimlərlə müzakirələr və layihələrdə praktiki iştirak daxil edilmişdi. Vaqif Fərzəliyevin məhsuldar çalışmasını nəzərə alaraq Hindistan Neft İnstitutunun xahişinə əsasən YUNESKO-nun rəhbərliyi onun daha 3 ay institutda çalışmasına icazə vermişdir.

O, ezamiyyətini başa çatdırdıqdan sonra yeni aşqarlar sahəsində elmi-tədqiqat işlərini geniş miqyasda davam etdirdi. Yeni, daha yüksək təsirə malik, tərkibində kükürd saxlayan aşqarların sintezi, təsir mexanizminin araşdırılması və tətbiqi sahəsində uğurlar əldə etdi. Həmin uğurların nəticəsi olaraq ixtiralarına müəlliflik şəhadətnamələri aldı, yerli və xarici nüfuzlu jurnallarda elmi məqalələr dərc olundu, beynəlxalq konfranslarda məruzələrlə çıxış etdi.

Vaqif Fərzəliyev elmi-tədqiqat işlərinin nəticəsi olaraq 1986-cı ildə “Sürtkü yağlarına yüksək təsirli tərkibində kükürd olan aşqarların işlənilməsinin elmi əsasları” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. SSRİ Ali Attestasiya Komissiyası həmin ildə dissertasiyanı “əla” qiymətləndirərək (həmin illərdə dissertasiyalara qiymət verilirdi) ona “elmlər doktoru” elmi dərəcəsi, növbəti – 1987-ci ildə isə “Neft kimyası” ixtisası üzrə “professor” elmi adı vermişdir.

Vaqif Fərzəliyev 1987-ci ildə Aşqarlar Kimyası İnstitutuna direktor əvəzi təyin edilmiş, növbəti ildə isə kollektiv tərəfindən instituta direktor seçilmişdir.

Neft kimyası sahəsində görkəmli alim olan Vaqif Fərzəliyevin elmi fəaliyyəti bilavasitə aşqarlarla bağlı olsa da, kifayət qədər çoxşaxəlidir. Bu istiqamətin ayrı-ayrı şaxələri, əslində bir-biri ilə üzvi surətdə əlaqəlidir və onlar birlikdə bütöv kompleks təşkil edir. Belə ki, istiqaməti müxtəlif təyinatlı sürtkü yağlarına, yanacaq və yağlayıcı-soyuducu mayelərə müxtəlif funksional təsirə malik yeni aşqarların sintezi, yüksək təsirə malik aşqarların məqsədyönlü sintezinin elmi əsaslarının yaradılması məqsədilə onların təsir mexanizminin, həmçinin tərkibi, quruluşu və funksional təsiri arasındakı asılılığın öyrənilməsi, yaradılmış aşqarlar əsasında yüksək keyfiyyətli sürtkü və yanacaq kompozisiyalarının, habelə yağlayıcı-soyuducu mayelərin yaradılması və istehsalata tətbiqi təşkil edir.

Akademik Vaqif Fərzəliyev ilk dəfə olaraq oksidləşmənin kombinə təsirə malik inhibitorları olan fenolların, naftolların və aromatik aminlərin kükürdlü törəmələrinin antioksidləşdirici təsirmexanizmini müəyyənləşdirmişdir. Karbohidrogenlərin oksidləşməsi prosesinin kombinə təsirə malik antioksidləşdirici aşqarlarla inhibitləşməsinin elementar reaksiyalarının kinetik qanunauyğunluqları və kəmiyyət xarakteristikaları müəyyənləşdirilmişdir. Nəzəri tədqiqatların nəticələri əsasında sürtkü yağlarına və yanacaqlara yüksək təsirə malik yeni nəsil antioksidləşdirici aşqarlar sintez edilmiş, antioksidantların səmərəli sinergetik kompozisiyaları işlənilmişdir. Bu tədqiqatlar ona yeni elmi istiqamətin – kombinə təsirli antioksidləşdirici aşqarların işlənilməsinin elmi əsasının yaradılması və inkişaf etdirilməsinə imkan vermişdir.

Alimin tədqiqatlarının bir bölümü yeyilməyə və siyrilməyə qarşı kükürdlü aşqarların sintezi və təsir mexanizminin öyrənilməsinə həsr edilmişdir. O, ilk dəfə olaraq tiiran birləşmələrin yeyilməyə və siyrilməyə qarşı yüksək təsirli aşqarlar olmasını elmi surətdə əsaslandırmaqla irəlicədən söyləmiş və praktiki olaraq üzə çıxarmış, onların funksional təsiri mexanizmini öyrənmişdir. Bunlar isə ona əməkdaşları ilə birgə xarici analoqlardan bəzi xassələrinə görə üstün olan yeyilməyə və siyrilməyə qarşı bir sıra tiiran tipli aşqarları yaratmağa imkan vermişdir.

Vaqif Fərzəliyev sürtkü yağlarına özlülük, dispersləyici və çoxfunksiyalı polimer aşqarların sintezi, tədqiqi, texnologiyasının işlənilməsi və tətbiqi sahəsində böyük həcmli elmi-tədqiqat işləri aparmışdır. Bunlardan dispersləyici və çoxfunksiyalı aşqarların işlənilməsi sahəsindəki tədqiqatlar xüsusilə diqqətəlayiqdir.

Akademik Vaqif Fərzəliyev əməkdaşları ilə birgə ölkənin ilk çoxfunksiyalı təsirə malik polimer aşqarlarını (ИХП-361, ИХП-388, ИХП-476 və s.) yaratmışdır. Bunlar sürtkü yağlarının eyni vaxtda bir neçə xassəsini, məsələn, özlülük-temperatur, yuyucu-dispersləyici, korroziyaya, oksidləşməyə və yeyilməyə qarşı xassələrini əhəmiyyətli dərəcədə yaxşılaşdırır. Həmçinin polimer aşqarların bir çoxnövlərinin sintezi reaksiyalarının qanunauyğunluqları müəyyən­ləşdirilmişdir.

Alimin sintetik yağlara aşqarların, eləcə də xüsusi texnikada istifadə edilən sintetik sürtkü kompozisiyalarının işlənilməsinə dair tədqiqatları da praktiki əhəmiyyətə malikdir.

Akademik Fərzəliyevin elmi işlərinə fundamentallıqla praktiki yönəmliyin vəhdəti xasdır. O, nəzəri tədqiqatlarının nəticələrini müxtəlif funksional təsirə malik səmərəli aşqarların məqsədyönlü sintezi və onlar əsasında sürtkü kompozisiyaların işlənilməsi üçün istifadə etmişdir.

Alimin yaratdığı ИХП-388 çoxfunksiyalı polimer aşqar və onun əsasında işlənilmiş bir sıra motor yağları SSRİ Dövlət Komissiyası tərəfindən istehsala və tətbiqə buraxılmışdır.

Beləliklə, Vaqif Fərzəliyevin rəhbərliyi altında Aşqarlar Kimyası İnstitutunun alimləri tərəfindən səmərəli aşqarlar və müxtəlif motor, transmissiya, hidravlik və konservasiya yağları, yağlayıcı-soyuducu və digər xüsusi mayelər yaradılmış və sənayedə tətbiq olunmuşdur. Fundamental tədqiqatlar əsasında çoxsaylı yeni üzvi maddələr sintez və tədqiq edilmiş, müxtəlif sinif üzvi maddələrin tərkibi, quruluşu və funksional xassələri arasındakı qarşılıqlı əlaqə, bəzi aşqarlann təsir mexanizmi öyrənilmişdir.

Azərbaycan müstəqillik əldə etdikdən sonra əvvəlki illərdə respublikamıza kənardan gətirilmiş sürtkü yağlarını əvəz etmək üçün Aşqarlar Kimyası İnstitutunda Vaqif Fərzəliyevin rəhbərliyi ilə qısa müddətdə Bakı yağları əsasında müxtəlif təyinatlı (o cümlədən xüsusi təyinatlı) sürtkü yağları yaradılmış və onların istehsalı sənaye və təcrübi-sənaye miqyasında təşkil edilmişdir.

Son illərdə də akademik Vaqif Fərzəliyev tərəfindən fundamental-tətbiqi istiqamətdə aparılan elmi tədqiqatlar nəticəsində mühüm nailiyyətlər əldə edilmişdir.

Onun bilavasitə rəhbərliyi ilə yüksək parafinli neftlərin donma temperaturu və dinamik özlülüyünü aşağı salmaqla boru kəmərləri ilə uzaq məsafələrə nəql edilməsini təmin edən aşqar – “Depressator AKİ” yaradılmış və istehsalı İnstitutun nəzdində fəaliyyət göstərən “Aşqar” Elmi İstehsalat Birliyində təşkil edilmişdir. “Depressator AKİ” aşqarı hazırda Bakı – Tbilisi- Ceyhan neft kəmərində müvəffəqiyyətlə istifadə edilir.

Vaqif Fərzəliyev tərəfindən Respublikada müxtəlif növ texnikada, o cümlədən daxili yanma mühərriklərində istifadə olunmuş və ekoloji gərginlik yaradan işlənmiş yağların regenerasiya texnologiyası işlənilmiş və istehsalı AMEA-nın Təcrübə-Sənaye Zavodunda təşkil edilmişdir.

Regenerasiya olunmuş yağ və müvafiq aşqarlar əsasında dizel mühərrikləri üçün müxtəlif təyinatlı, o cümlədən xüsusi təyinatlı sürtkü kompozisiyaları yaradılmışdır.

İşlənmiş yağların regenerasiya texnologiyası və regenerasiya olunmuş yağ əsasında yaradılmış xüsusi təyinatlı sürtkü kompozisiyası strateji əhəmiyyət kəsb etdiyinə görə “Məxfi” qriflə Azərbaycan patentləri ilə müdafiə olunmuşdur.

Akademik Vaqif Fərzəliyev Azərbaycan Milli Elmlər Akademiyasının “Fizioloji fəal birləşmələrin sintezi və tədqiqi” elmi proqramının rəhbəri kimi böyük elmi uğurlar əldə etmişdir. Proqramın icrası nəticəsində bir sıra yüksək təsirli fizioloji fəal üzvi birləşmələr sintez edilmiş və onların canlı orqanizmdə baş verən bir sıra patoloji proseslərin (bədxassəli şiş, mədə traktı, tənəffüs yollarının iltihabı, Alzheimer xəstəliyi və s.) qarşısını alınması müəyyən edilmişdir. Bu istiqamətdə Türkiyənin Atatürk Universiteti, İtaliyanın Florensiya Universiteti və Səudiyyə Ərəbistanın Kral Saud Universiteti ilə apardığı müştərək elmi tədqiqat işlərinin nəticələri “Web of Science” bazasına daxil olan yüksək impakt faktorlu jurnallarda çap olunmuşdur.

Sintez edilmiş fizioloji fəal maddələrin Belarus Milli Elmlər Akademiyasının Bioaktiv Maddələrin Biokimyası İnstitutunda heyvanlar üzərində sınaqları aparılır.

Akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə Aşqarlar Kimyası İnstitutu AMEA-nın Yüksək Texnologiyalar Parkında fəaliyyət göstərən AMEA-nın Təcrübə- Sənaye Zavodunun inkişafı üçün böyük elmi-texniki işlər yerinə yetirmişdir.

Təcrübə Sənaye Zavodunun fəaliyyətini gücləndirmək üçün institut tərəfindən zavodda müxtəlif təyinatlı sürtkü yağları və sürtkülərin yaradılması, istehsalının təşkili, istehsal və istehlakını təmin edən sənədlərin – Texniki Şərtlərin işlənməsi, təcrübi sınaqların aparılması, bu sahədə aparılan elmi işlər haqqıında dövrü ədəbiyyatda olan məlumatların araşdırılması, perspektiv aşqar və aşqar paketləri əsasında yeni yağ analoqlarının yaradılması sahəsində elmi və praktiki işlər yerinə yetirilir. Belə ki, institutun elmi-texniki yardımı ilə Təcrübə-Sənaye Zavodunda 5 növ yeni sürtkü yağlının istehsalı təşkil edilmişdir. Akademik Vaqif Fərzəliyevin rəhbərliyi ilə yaradılmış işlənmiş sürtkü yağlarının regenerasiya texnologiyası da yuxarıda qeyd edildiyi kimi hal-hazırda bu zavodda tətbiq edilir.

Təcrübə-Sənaye Zavodunun aparıcı mütəxəssisləri ilə zavodun inkişaf perspektivi ilə əlaqədar bir sıra görüşlər keçirilmiş və sürtkü materiallarının yaradılması və istehsalı ilə əlaqədar mühazirələr oxunmuşdur.

Fərzəliyev 750-dən çox elmi əsərin, o cümlədən 3 monoqrafiya və bir kitabın, 300 məqalə, 320-dən çox tezis, 130-dan çox müəlliflik şahadətnaməsi və patentin müəllifidir. Həmin əsərlər Azərbaycannın, Rusiyanın, Amerikanın, Böyük Britaniyanın, Almaniyanın, Rumıniyanın, Türkiyənin, Hindistanın nüfuzlu jurnallarında dərc olunmuşdur. Belə jurnallardan “Azərbaycan kimya jurnalı”, “Azərbaycan neft təsərrüfatı”, “European Polymer Journal”, “Polyhedron”,“Journal of Enzyme Inhibition and Medicinal Chemistry”, “Archiv der Pharmazie”, “Journal of Biochemical and Molecular Toxicology”,”Bio – organic chemistry”, “Химия и технология топлив и масел”, “Нефтехимия”, “Органическая химия”, “Прикладная химия”, “Химия гетероциклических соединений” və b. adları xatırlana bilər. О, həm də “Polimer aşqarlar və yağlar” (Bakı, “Elm” nəşriyyatı, 2000-ci il) və “Sürtkü yağlarına aşqarlar: elm tarixi” (Bakı, “Elm” nəşriyyatı, 2009-cu il), “Kimya və həyat” (Bakı, “Elm nəşriyyatı”, 2014-cü il), “Kiçik heterotsiklli birləşmələrin kimyası” (Bakı, “Elm nəşriyyatı”, 2015 –ci il) kitablarının həmmüəlliflərindən biridir.

O, 170-ə yaxın Beynəlxalq və Ümumittifaq elmi konfranslarında simpoziumlarında, seminarlarında, müşavirələrində məruzələrlə çıxış etmişdir. Onun aktual problemlərə həsr edilmiş və yeni elmi nəticələrlə zəngin məruzələri maraqla qarşılanmış və diqqətlə dinlənilmişdir.

Azərbaycan Milli Elmlər Akademiyası akad. Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutuna uzun müddət – 31 il ərzində rəhbərlik etmək professor Fərzəliyevin istedadının daha bir dəyərli cəhətini, yəni geniş miqyasda elmi-təşkilatçılıq bacarığını da bariz şəkildə göstərmişdir. Mürəkkəb dövrdə – ölkəmiz üçün yeni olan bazar iqtisadiyyatına keçid dövründə – 1990-cı illərin ortalarında o, bir rəhbər kimi institutun elmi potensialını və ənənələrini qoruyub saxlaya bilmişdir. Elmi qurumlar üçün heç də asan olmamış həmin illər ərzində hər cür çətinliklərə baxmayaraq, institutun yaradıcı kollektivi professor Vaqif Fərzəliyevin rəhbərliyi ilə bütün elmi istiqamətlərdə məqsədyönlü tədqiqatlarını günün tələbləri səviyyəsində davam etdirməyə nail olmuşdur.

Akademik Vaqif Fərzəliyev milli kimyaçı kadrların və alimlərin hazırlanmasına da böyük önəm vermişdir. O, 1987-ci ildən başlayaraq indiyədək Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) pedaqoji fəaliyyətlə məşğul olmaqdadır. O, pedaqoq kimi dərs dediyi tələbələrə dərin bilik verməklə yanaşı onlarda elmə maraq oyatmağa, yüksək ixtisaslı kadrlar kimi yetişmələrinə və onlara vətənpərvərlik hissi aşılamağa çalışmışdır. Onun dərs dediyi yüzlərlə tələbə sonrakı illərdə müxtəlif sahələrdə kimyaçı, mühəndis, elmi işçi və s. kimi uğurla fəaliyyət göstərməyə  başladılar. O, həmçinin xarici ölkələr üçün də alim kadrlar yetişdirmişdir. Ümumiyyətlə, onun yetirmələri arasında elmlər namizədləri və doktorları, professorlar, istehsalat komandirləri və yüksək vəzifəli şəxslər də vardır. Onun respublikamızda və xarici ölkələrdə çalışan yetirmələri dünya miqyasında tanınmış müəllimlərinin adını daim uca tuturlar. O, Bakı Dövlət Universitetinin kimya fakültəsində “Üzvi kimya” kafedrasında “Element-üzvi birləşmələr” xüsusi kursu üzrə mühazirələr oxumuş, Dövlət imtahan komissiyasının sədri olmuşdur. Hazırda o, “Neft kimyası” kafedrasında “Neft və qaz məhsulları və onların keyfiyyətinin yaxşılaşdırılması” xüsusi kursu üzrə mühazirələr oxuyur. Onun elmi rəhbərliyi ilə 4 kimya üzrə elmlər doktoru və 21 kimya üzrə fəlsəfə doktoru hazırlanmışdır. Onların arasında əcnəbilər də vardır. O dəfələrlə namizədlik və doktorluq dissertasiyalarının müdafiəsində rəsmi opponent olmuşdur.

Vaqif Fərzəliyev indi də gənclərə xüsusi qayğı ilə yanaşır, gənc elmi kadrların yetişməsində müstəsna fəaliyyət göstərir. Elm ilə təhsilin inteqrasiyasının inkişafını təmin etmək məqsədilə Aşqarlar Kimyası İnstitutunda Bakı Dövlət Universitetinin “Neft kimyası və kimya texnologiyası” kafedrasının “Baza kafedrası” fəaliyyət göstərir: burada bakalavrlar və magistrlər diplom və dissertasiya işləri yerinə yetirir, neft kimyası və üzvi kimya sahəsində elmi biliklər əldə edirlər. O, institutda orta məktəb şagirdləri ilə tez-tez görüşlər keçirir, gənc nəslin elmə həvəsini artırmaq istiqamətində lazımi işlər görür.

Akademik Vaqif Fərzəliyevin elmi təşkilatçılıq fəaliyyətinin səciyyəvi məziyyətlərindən biri də illər ərzində neft kimyası və üzvi kimya sahəsindəki bir sıra xarici mərkəzlərlə sıx elmi əlaqələr yaratması, indiyədək qoruyub saxlaması və bütün tərəflər üçün qarşılıqlı faydalı işlərə dəstək verə bilməsidir. Onun bir neçə əcnəbi (ingilis, rus və türk) dili lazımi səviyyədə bilməsi əcnəbi həmkarları ilə ünsiyyət yaradılmasını və qarşılıqlı anlaşmanı əhəmiyyətli dərəcədə asanlaşdırır.

YUNESKO-nun məsləhətçisi kimi işləməklə Vaqif Fərzəliyev, təbii ki, Hindistan, İraq və Yaxın Şərq ölkələrinin neft institutlarında aşqarların sintezi və tədqiqi, sürtkü yağlarının yaradılması sahəsində yeni elmi istiqamətin inkişafında müəyyən xidmətlər göstərmişdir.

Vaqif Fərzəliyevin təşəbbüsü ilə Aşqarlar Kimyası İnstitutu bir sıra xarici ölkələrin (Rusiya, İtaliya, Ukrayna, Belarusiya, Türkiyə, İran, Bolqarıstan) elmi mərkəzləri ilə beynəlxalq əlaqələr yaratmış, dünyanın aparıcı neft şirkətləri (“Lubrizol”, “Shell”, “Unikal-76”) ilə elmi-praktiki əhəmiyyətli müqavilələr bağlanmışdır.

Vaqif Fərzəliyev beynəlxalq fondlar (Amerika Milli Eım Fondu, NATO Elm Fondu, Ukrayna Elm Fondu) və respublika fondları (Elmin İnkişafı Fondu, SOCAR Elm Fondu) tərəfindən maliyyələşdirilən bir sıra qrant layihələrinin rəhbəri olmuşdur.

Akademik Vaqif Fərzəliyev Azərbaycanın elmi ictimaiyyətini onilliklər ərzində xarici ölkələrdə uğurla təmsil etməkdədir. O, bəzi ölkələrdə (İraq, Hindistan, İran) yerli kadrların elmi-tədqiqat işlərinə hazırlanması işində mütəxəssis köməyini əsirgəməmiş, digər ölkələrdə (Rusiya, Türkiyə, Hindistan, ABŞ, Almaniya, Bolqarıstan, Şimali Kipr, İran və s.) nüfuzlu beynəlxalq konqreslərdə, qurultaylarda aktual problemlərə dair dərin məzmunlu məruzələrlə çıxış etmiş, başqa ölkələrin müvafiq elmi mərkəzlərini Aşqarlar Kimyası İnstitutunun işləri ilə tanış etmək və əməkdaşlıq yolları müzakirəsini keçirmək məqsədilə görüşlər keçirmişdir.

Akademik Əli Quliyev tərəfindən yaradılmış Azərbaycanın aşqarlar kimyası və texnologiyası elmi məktəbi Fərzəliyev tərəfindən əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir.

 

Vaqif Fərzəliyev məhsuldar elmi fəaliyyətlə yanaşı müxtəlif ictimai vəzifələrdə də böyük elmi-təşkilatçılıq işləri yerinə yetirmişdir. O, AMEA-nın “Neft kimyası və neft emalı” Elmi Şurasının və AMEA Rəyasət Heyətində “Tətbiqi problemlər” Elmi Şurasının üzvi, AMEA Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutundakı doktorluq dissertasiyalarının müdafiəsi üzrə dissertasiya şurasının həmsədri, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının kimya elmləri üzrə Ekspert Şurası sədrinin müavini, Azərbaycan Dövlət Neft Akademiyasındakı doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şuranın üzvü, Aşqarlar Kimyası İnstitutunda doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şuranın sədri olmuşdur. O, “Kimya və Neft Kimyası” və “Kimya Problemləri” jurnalları, Azərbaycan Ensiklopediyası redaksiya heyətlərinin, AMEA Redaksiya-Nəşriyyat Şurasının, AMEA Terminologiya Komissiyası Bürosunun və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı icması” ictimai birliyi idarə heyətinin üzvü kimi faydalı işləri yerinə yetirmişdir. Fərzəliyev hazırda Neft-Kimya Prosesləri İnstitutunda doktorluq dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşmış şuranın həmsədri, «Chemical Problems» jurnalının baş redaktoru, «Elm dünyası» jurnalının baş redaktorunun müavini; «Azərbaycan kimya jurnalı», «Neft emalı və neft kimyası», “Elm və həyat” jurnallarının və “Azərbaycan Ensiklopediyası”nın redaksiya heyətlərinin üzvüdür. Akademik Vaqif Fərzəliyev həmçinin Beynəlxalq Elmlər Assosiasiyasının üzvüdür.

Vaqif Fərzəliyevin elm sahəsində xidmətləri böyükdür və bunlara layiqincə qiymət verilmişdir. Kimya elminin inkişafına və elmi-təşkilati fəaliyyəti sahəsindəki böyük uğurlarına görə 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

2007-ci ildə Vaqif Fərzəliyev AMEA-nın həqiqi üzvü (akademik), AMEA Kimya Elmləri Bölməsinin akademik-katibi və Rəyasət Heyətinin üzvü seçilmişdir. O, 2008-ci ildən 2013-cü ilə kimi AMEA-nın akademik-katibi vəzifəsində çalışmışdır.

Akademik Fərzəliyev 11 iyul 2018-ci il tarixdən 01 may 2019-cu ilə kimi AMEA KEB-in akademik-katibi vəzifəsini icra edib. 01 may 2019-cu il tarixdə yenidən AMEA KEB-in akademik-katibi vəzifəsinə seçilib və hal-hazırda bu vəzifədə çalışır.

Bu gün akademik Fərzəliyev böyük zəhmət və məsuliyyət hissi tələb edən iki məsul vəzifədə uğurla çalışır. O onun üçün doğma olan Aşqarlar Kimyası İnstitutunun direktorudur. О, institutun elmi işçilərinin səylərini səfərbər edərək aşqarlar kimyası elmini yeni zirvələrə aparır. Azərbaycan Milli Elmlər Akademiyası Kimya Elmləri Bölməsinin akademik-katibi kimi akademiyanın rəhbər orqanlarından birində çalışaraq o, Akademiyanın daha uğurla təşkilatlanmasına və səmərəli işləməsinə, dövlətin elm siyasətinin həyata keçirilməsinə səylərini əsirgəməyir.

Fərzəliyevin yüksək səviyyəli elmi, elmi-təşkilati və pedaqoji fəaliyyəti hökumət və AMEA rəhbərliyi tərəfindən yüksək qiymətləndirilmişdir. O, “Şöhrət” ordeni və “Şərəfli əməyə görə”, “Əmək veteranı” medalları, “Azərbaycan Respublikasının Əməkdar elm xadimi” fəxri adı, AMEA-nın akademik Yusif Məmmədəliyev adına mükafatı, Azərbavcan SSR Ali Soveti Rəyasət Heyətinin və dəfələrlə AMEA Rəyasət Heyətinin fəxri fərmanları ilə təltif olunmuşdur.

Aşqarlar Kimyası İnstitutunun elmi əməkdaşlarının yaradıcı əməyinin beynəlxalq miqyasda yüksək dəyərləndirilməsində də Vaqif Fərzəliyevin direktor olaraq xidməti böyükdür. Aşqarlar Kimyası İnstitutu 2001-ci, 2002-ci və 2003-cü illərdə “Biznesdə Təşəbbüs İstiqamətləri” Beynəlxalq Təşkilatının ardıcıl olaraq “Qızıl kateqoriya”, “Platin kateqoriya” və “Brilyant kateqoriya” mükafatlarına layiq görülmüşdür. Bu mükafatlar uzun illər ərzində Aşqarlar Kimyası İnstitutunun kollektivinin aşqarlar kimyası səhəsində və eləcə də yüksək keyfiyyətli sürtkü materiallarının, yanacaqların, yağlayıcı-soyuducu mayelərin yaradılmasında əldə etdikləri elmi və tətbiqi nailiyyətlərinin yüksək qiymətləndirilməsinin nəticəsidir.

Akademik Vaqif Fərzəliyev həmçinin Rusiya Elmlər Akademiyasının təsis etdiyi “Akademik N.M. Emanuelin xatirəsi” medalı və diplomla, Avropa Birliyi Elm-Sənaye Palatasının “Qızıl” medalı və diplomla, Türkiyənin Firat Univerisitetinin və Hindistan Texnoloji İnstitutunun xatirə medalları ilə təltif olunmuşdur.

Akademik Vaqif Fərzəliyev 2006-cı və 2009-cu illərdə Amerika Bioqrafiya İnstitutu tərəfindən “İlin Adamı-2006” və “İlin Adamı-2009” seçilmişdir.

Vaqif Fərzəliyev 2018-ci ildə Böyük Britaniyanın Oksford Akademik Birliyinə üzv seçilmişdir.

Fərzəliyevin baş redaktoru olduğu “Kimya problemləri” jurnalının 2017-ci ildə Web of Science bazasına daxil edildiyi üçün jurnal “Clarivate Analytics” şirkəti ilə AR Prezidenti yanında Elmin İnkişafı Fondunun “Web of Science Awards – 2018” birgə mükafatına layiq görülmüşdür.

Vaqif Fərzəliyev məhsuldar fəaliyyətdədir. Ölkə və əcnəbi alimlər arasında böyük nüfuza malik akademik Vaqif Fərzəliyev hazırda aşqarlar və yağlar sahəsində elmi axtarışlarını müasir tələblər səviyyəsində, müstəqil Azərbaycanın maraqlarını nəzərə almaqla perspektivli istiqamətlərdə davam etdirir.

Alimin elmi maraq dairəsinin genişliyi və məhsuldar işləmək bacarığı, erudisiyası, həssaslığı və xeyirxahlığı, anlamaq və yardımçı olmaq kimi gözəl insani keyfiyyətləri ona Aşqarlar Kimyası İnstitutu kollektivinin və ümumiyyətlə, ölkənin geniş elmi ictimaiyyətinin rəğbətini qazandırmışdır.